Xocalı rayon sakini Dürdanə Ağayevanın Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Səlimov Cəmil Oqtay oğlu haqqında qələmə aldığı "Yarımçıq qalmış ömür" adlı kitabı işıq üzü görmüşdür. Kitabda bəhs edilən qəhrəman döyüçümüz Cəmil Səlimov 1991-ci il yanvarın 15-də Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. 12 il hərbi həkim kimi xidmət göstərən Cəmil Səlimov Müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı əks-həmlə əməliyyatlarında erməni işğalı altında olan ərazilərin azad edilməsi və torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması uğrunda öz xidməti vəzifəsini qüsursuz yerinə yetirib. O, Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Cəmil Səlimov sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Cəmil Səlimov Vətən Müharibəsində xidmətlərinə görə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Qeyd edək ki, Dürdanə Ağayevanın qələmə aldığı "Yarımçıq qalmış ömür" kitabı onun nəşr etdirdiyi ikinci kitabıdır. Müəllifin bundan əvvəl Xocalı soyqırımından, erməni əsirliyində başına gətirilən müsibətlərdən bəhs edən "Erməni zindanında səkkiz gün" adlı kitabı rus, ingilis və türk dillərində işıq üzü görərək geniş oxucu kütləsinə çatdırılmışdır.